Son 20 ildə rəqəmsal texnologiyanın inkişafı ilə bir sıra yeni peşə ortaya çıxdı. Bunların başında rəqəmsal marketinq məsləhətçisi gəlir. Bu bloq yazımızda rəqəmsal marketinq məsləhətçisi kimdir, hansi bacarıqlara malik olmalıdır, rəqəmsal marketinq məsləhəti işinə necə başlamaq olar kimi suallara cavab ala bilərsiniz.
Rəqəmsal Marketinq Məsləhətçisi Kimdir?
Rəqəmsal marketinq məsləhətçisi rəqəmsal marketinq sektorunda müştərilərə məsləhət xidmətləri göstərən şəxsdir. Məsləhətçi müştərinin xidmət və ya məhsulunun təşfiqinə yönəlmiş rəqəmsal marketinq strategiyasını hazırlayır və necə icra edildiyinə nəzarət edir.
Rəqəmsal marketinq sahəsində zəngin təcrübəyə malik məsləhətçi bir agentliklə və ya tək başına işləyə bilər. Bu peşə sahibləri saat başına və ya layihə başına maaş alırlar.
Rəqəmsal marketinq məsləhətçisi olmağın bir çox üstünlüyü var. Bu üstünlüklərdən biri də budur ki, siz öz iş saatlarınızı təyin edə və evdən və ya istədiyiniz yerdən işləyə bilərsiniz. Siz həmçinin nə qədər və nə vaxt işləmək istədiyinizə qərar verə bilərsiniz.
Hansı Bacarıqlara Malik Olmalıdır?
Rəqəmsal marketinq məsləhətçisi işini düzgün görmək üçün onlarla bacarığa malik olmalıdır. Bəzi məsləhətçilər rəqəmsal marketinqin müəyyən qolunda ixtisaslaşdığı halda, digərləri geniş məsləhət paketi təqdim edə bilir. Əsas tələb olunan bacarıqlar aşağıdakılardır:
- Rəqəmsal strategiya – biznesi rəqəmsal texnologiya ilə təkmilləşdirmək.
- Marketinq – SEO, SEM, SMM, Məzmun, E-Poçt və s. marketinq sahələrində mütəxəssis olmaq.
- SMM – sosial media platformalarında orqanik və ödənişli vasitələrlə hədəf auditoriyanı böyütməyi və qarşılıqlı əlaqəni gücləndirməyi bilmək.
- Layihənin idarə edilməsi – ümumi strategiyaya və kiçik layihələrə nəzarət edə bilmək.
- İstifadəçi interfeysi və veb dizaynı – vebsaytı istifadəçilər üçün daha əlverişli hala gətirərək ziyarətçi trafikini artırmayı bacarmaq.
Rəqəmsal marketinq sahəsi ilə bağlı daha ətraflı məlumat almaq istəyirsinizsə, SEO, SEM, SMM və Brend mövzusundakı yazılarımıza nəzər sala bilərsiniz.
Rəqəmsal Marketinq Məsləhəti İşinə Necə Başlamaq Olar? 6 Addım
Yuxarıda qeyd olunan bacarıqları öyrəndikdən sonra işinizi qurmaya başlaya bilərsiniz. Bunun üçün lazım olan əsas addımlar aşağıdakılardır:
1. Nişinizi Müəyyən Edin və İcma Qurun
İlk addım öz nişinizi tapmaqdır. Nişinizi tapdıqdan sonra diqqətinizi sosial mediada izləyicilər və bəyənmələr qazanmağa yönəltməlisiniz. Bunun bir neçə yolu var: insanların və ya məhsulların fotoşəkillərini yerləşdirmək, onları pulsuz paylamaq və müsabiqələr keçirməkdir.
Daha sonra biznesiniz üçün sosial media qrupu/qrupları yaratmalı və qruplardakı insanlarla ünsiyyətə başlamalısınız. Bunun üçün suallara cavab vermək, şəkillər yerləşdirmək, qrupa aid məqalələr və videolar paylaşmaq məsləhətdir.
2. Brend Hekayənizi Yaradın
Brend loyallığı hər hansı bir işin uğurunun vacib hissəsidir. Hazırkı yüksək rəqabət şəraitində müştərilər arasında inam və etibar yaratmaq vacibdir. Bunun da yolu güclü brend hekayəsi yaratmaqdan keçir.
Məşhurların vasitəsilə brend hekayənizlə inam hissi yaratmaq mümkündür. Onlar məhsul və ya xidmətləri tanıtmaq, etibar yaratmaq və markanıza marağı artırmaq üçün istifadə edilə bilər. Məşhur tərəfdarlar dəstəklədikləri şirkətlə şəxsi əlaqəsi olan insanlardır, məsələn, idman avadanlığı şirkətini dəstəkləyən bir idmançı və ya öz musiqi albomunu təbliğ edən bir musiqiçi.
3. Auditoriyanıza Uyğun Məzmun Yaradın
Yaratdığınız məzmun məlumatlandırıcı və cəlbedici olmalıdır. Auditoriyanızı, onların ehtiyaclarını və istəklərini başa düşməlisiniz. Siz həmçinin rəqiblərinizdən və onların təklif etdiklərindən xəbərdar olmalısınız ki, hədəf auditoriyanıza mümkün olan ən yaxşı məlumatı təqdim edəsiniz.
Məzmun yazmaq üçün bəzi məsləhətlər:
- Sadə üslubda yazın: Hər şeyi mürəkkəbləşdirməyə çalışmayın, fikirlərinizi sadə və aydın şəkildə çatdırmağa çalışın. Məzmunun qısa, aktual və başqaları üçün asan başa düşüldüyünə əmin olun.
- Onlardan biri olun: Oxucularınızla şəxsi səviyyədə əlaqə saxlamaq üçün sadə danışın. Bu, onlara dediklərinizə uyğunlaşmağa kömək edəcək və həm də onların özlərini daha yaxşı hiss etmələrinə kömək edəcək.
4. İş Üsuluna Qərar Verin Və Komandanızı Qurun
Rəqəmsal marketinq məsləhətçisi olaraq necə işləyəcəyinizə qərar verin. Əgər məqsədiniz sadəcə məsləhət verib, işin icrasını müştəriyə həvalə etməkdirsə, tək başına işləyə bilərsiniz. Ancaq əgər işi əvvəldən sona qədər öhdənizə götürəcəksinizsə, komandaya ehtiyacınız olacaq.
Rəqəmsal marketinq sahəsində məsləhət xidməti vermək üçün sizə SEO mütəxəssisi, tərtibatçı, PPC mütəxəssisi, 1-2 məzmun mütəxəssisi, sosial media mütəxəssisi lazımdır. Bundan başqa, komanda üzvlərinin tam gün və ya yarım gün, ofisdən yoxsa uzaqdan işləyəcəklərinə də qərar verməlisiniz.
5. Marketinq Strategiyanızı Hazırlayın
Rəqəmsal marketinq rəqabətli bir sektordur və strategiyasız iş tapmaq çətindir. Rəqəmsal marketinq məsləhətçisi olaraq strategiyanız brendinizi qurmaq, onlayn mövcudluq yaratmaq və müştəri qazanmaq üçün vacibdir.
Uğurlu rəqəmsal marketinq məsləhətçisi olmaq üçün ilk addım potensial müştəriləri araşdırmaqdır. Bu, sizə onların nə axtardıqları, ehtiyaclarının nə olduğu və nə qədər ödəməyə hazır olduqları barədə fikir verəcəkdir. Onların ehtiyaclarını təmin edərkən fərqlənməyin yollarını tapmaq üçün bölgədəki rəqabəti də araşdırmalısınız. Rəqabət qabiliyyətinizi düzgün qiymətləndirərək, potensial müştəriləri itirmək riskinizi də azaldacaqsınız.
6. Biznes Strategiyanız Üçün Düzgün KPI-lər Seçin
Rəqəmsal marketinq məsləhətçisi olaraq strategiyanızın düzgün işləyib-işləmədiyini müəyyənləşdirmək üçün KPI-ləri düzgün seçməlisiniz. “Əsas fəaliyyət göstəriciləri” və ya KPI termini biznes strategiyasının uğurunu ölçmək üçün istifadə olunur. Biznesdə ən çox yayılmış KPI-lər gəlir, müştərinin ömür boyu dəyəri, müştəri əldə etmə dəyəri və mənfəət marjasıdır.
Gəlir ölçüsü bir şirkətin satışlarından nə qədər pul qazandığının ölçüsüdür. Müştərinin ömür boyu dəyər ölçüsü bir şirkətin mövcud müştərilərdən ömrü boyu nə qədər pul qazanacağının göstəricisidir. Müştəri əldə etmə dəyəri metrikası yeni müştərilərin əldə edilməsinə sərf olunan pulun miqdarını, mənfəət marjası isə bütün xərclər gəlirdən çıxıldıqdan sonra nə qədər pulun qaldığını ölçür.
Bu bloq yazısı üçün Həmtəsisçimiz Azər Şirinova təşəkkür edirik.
Mənbə: